İbrahimov Elmar Nəriman oğlu 1998-ci il sentyabrın 2-də Mingəçevir şəhərində anadan olub. Evin tək övladı olan Elmar orta təhsilini Mingəçevir şəhər 2 nömrəli tam orta  məktəbdə alıb. Məzun olduqdan sonra Peşə məktəbinə qəbul olub. Daha sonra bir müddət bərbər işləyib. 2016-cı ildə hərbi xidmətə yollanıb, topçu olaraq xidmət edib.

27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Ağdərə, Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüş yolu keçib. Oktyabrın 16-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Ana tək-tənha yaşayır. Deyir ki, heç kimdən heç nə istəmir, sadəcə yeganə şəhid balası ilə bağlı yazılıb, çəkilməsini istəyir.

Ana deyir ki, oğlu Vətəni canından, anasında çox sevirdi. IMMI ana oğlunun uşaqlıqda necə mehriban bir övlad olduğundan, cəbhəyə könüllü olaraq getməsindən, onun dostluğa, yoldaşlığa sadiqliyindən sevə-sevə danışdı. Bu günlərdə onun otağından balaca bir kağıza yazılmış ürək sözlərini tapan ana sanki yenidən oğluna qovuşmuş kimi elə sevinirdi ki…
Şəhid ELMAR İBRAHİMOVUN ANASİ IMMI Xanımın Qəhraman övladı haqqında dediklərindən:

“Elmar çox şən uşaq idi. Dostlarının arasında çalışırdı ki, özünü şən göstərsin, amma evə gələndə qəmlənirdi. Deyirdim, ay bala, niyə belə edirsən, deyirdi ki, qoy heç kim bilməsin ki, mən yetiməm. Oxumaq istəyirdi, deyirdi, ay ana, məni də müəllim yanına qoy. Amma imkanımız yox idi. Cəbhədə olarkən telefonla danışırdıq. Deyirdi ki, iki dəfə ağır döyüşlərə giriblər, ermənilər bizdən qorxub qaçır. Amma 3-cü dəfə mənə zəng edəndə soruşdum ki, nə vaxt gələcəksən hiss edirdim ki, mənimlə könülsüz danışırdı. Dedi ki, dekabrda gələcək. Amma mənə elə gəldi ki, o, bu sözü çox ümidsiz dedi.Hətta Yuxusunu da görmüşdüm. Oğlum az ömür yaşadısa da onunla bağlı xatirələrim çoxdur. Hamsını buradan demək mümkün deyil. İstəklisi də vardı. .Arzusu gəlib, işləyib özünə maşın alıb, sonra da toy edəcəkdi. Oğlumun yarım qalan arzuları məni çox incidir. Canından Vətənə can verdi, təki vətən sağ olsun. Deyirdi ki, həsrətində olduğumuz Vətən torpaqlarına ilk ayaq basan biz olacağıq. Elə də oldu. Bütün şəhidlərimizin ruhu şad olsun, biz şəhid analarının qisasını onlar düşməndən aldılar. Biz fəxr edirik belə qəhrəman oğulların anasıyıq”.
Qeyd edək ki, 2020-ci il 16 oktyabr tarixində Elmar İbrahimovun nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Şəhadətindən sonra Vətən Uğrunda medalı ilə təltif edilib.