Güclü sel səbəbindən Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindən keçən avtomobil körpüsü dağılıb.
Unikal.org Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev APA-ya bildirib ki, selin təsiri nəticəsində uzunluğu 76 metr, eni 11.5 metr olan körpü yararsız hala düşüb.
Körpünün yanındakı piyada körpüsünü də sel aparıb. Sel suları körpünün altındakı beton plitələri, sahil-mühafizə bəndini dağıdaraq torpaq qatını yuyub aparıb və çay yatağını 20 metr genişləndirib. İ. Vəliyev dağılan körpünün 2003-cü ildə müvəqqəti olaraq inşa edildiyini və son illər sel sularının, ağır tonnajlı yük avtomobillərinin təsiri nəticəsində qəzalı vəziyyətə düşdüyünü bildirib: “2015-ci ildə Bakı-Şamaxı-Yevlax avtomobil yolu yenidən qurularkən qəzalı vəziyyətdə olan bu avtomobil körpüsünün yanında yeni müasir körpünün inşası nəzərdə tutulmuşdu, layihə də hazırlanmışdı, lakin müəyyən səbəblərdən ərazidə inşaat işlərinə başlanılmayıb. Hazırda çayda güclü sel axını davam edir, suyun səviyyəsi hələ ki, aşağı düşməyib. Çayın sahillərində torpaq uçqunu davam edir. Dağılan avtomobil körpüsünün bərpası mümkün olmayacaq, onun sökülərək yerində müasir körpünün inşası üçün hazırda lazımi qurumların nümayəndələri tərəfindən məsləhətləşmələr aparılır. Yeni körpü tikilənədək avtomobillərin hərəkətinin təmin edilməsi üçün dağılan körpüdən 300 metr cənubda çayın içərisinə 10 ədəd beton su boruları qoymaqla üzərində müvəqqəti olaraq alternativ körpü salınacaq. Alternativ körpünün tikintisinə çayda su azalandan sonra başlanılacaq”.
Komissiya sədri rayon sakinlərinin hazırda Göyçay şəhərinin şimalında, Göyçay çayı üzərindəki asma körpüdən müvəqqəti olaraq piyada gediş-gəliş etdiyini bildirib: “Həmin asma piyada körpüsü qəzalı vəziyyətdədir. Hər an bu körpü də dağıla bilər, hazırda müvəqqəti istifadə olunur. Təhlükə artarsa, bu körpüdən istifadə dayandırılacaq. Hazırda polis əməkdaşları körpünün üstünə eyni vaxtda çox insanın çıxmasına icazə vermir. Alternativ körpü salınanadək rayon sakinləri bu piyada körpüsündən əlacsız olaraq istifadə edir. Bu asma piyada körpüsünü qısa müddətdə bərpa etmək mümkün deyil”.
İ. Vəliyev rayonda baş verən fövqəladə hadisə ilə bağlı xüsusi qərargah yaradıldığını, körpünün dağılması barədə Nazirlər Kabinetinə, Fövqəladə Hallar Nazirliyinə (FHN) teleqram göndərildiyini bildirib. Fövqəladə vəziyyətlə əlaqədar FHN, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Aztelekom MMC, “Azərsu” ASC, “Azəriqaz” İB, körpü tikintisini həyata keçirən şirkətin nümayəndələri Göyçaya gəliblər, əraziyə baxış keçiriblər. Körpü ilə yanaşı dağılaraq yararsız hala düşən təbii qaz, içməli su, rabitə, internet, elektrik xətlərinin bərpası üçün işlər görülür.